ABŞ prezidenti Donald Tramp Əfqanıstana əlavə 4 min hərbçinin göndərilməsinə dair qərar qəbul edib. APA-nın məlumatına görə, bu barədə “Fox News” telekanalı xəbər verib.
Avqustun 18-də D.Tramp Kemp-Deviddə Milli Təhlükəsizlik Şurasının iclasını keçirib. Tədbirdə əsas müzakirə mövzusu Cənubi Asiyada, o cümlədən Əfqanıstanda vəziyyət olub.
Bu ilin iyununda D.Tramp Pentaqon rəhbəri Ceyms Mettisə Əfqanıstanda ABŞ hərbi kontingentinin sayının müəyyənləşdirilməsinə dair səlahiyyətlər verib.
Qeyd edək ki, 2001-ci ildən Əfqanıstanda "Taliban" hərəkatına qarşı hərbi əməliyyatlar aparan ABŞ-ın hazırda bu ölkədə 8400 hərbi qulluqçusu var.
ABŞ bundan sonra Əfqanıstanda həyata keçirdiyi əməliyyatlar barədə əvvəlcədən məlumat verməyəcək və bu ölkədə yerləşdirilən hərbi kontingentinin sayını açıqlamayacaq. Bunu da D.Tramp bəyan edib.
Onun sözlərinə görə, ABŞ yaxın gələcəkdə ordusunu Əfqanıstan ərazisindən çıxarmaq niyyətində deyil: “Tariximizdə yaşanan ən dəhşətli terror hücumu Əfqanıstanda planlaşdırılıb və oradan idarə olunub. Hərbçilərin çıxarılması ilə yaranan vakuumu hökmən terrorçular dolduracaq”.
Tramp həmçinin bildirib ki, terrorçuluqla mübarizə naminə ABŞ Əfqanıstandakı hərbi kontingentinin səlahiyyətlərini genişləndirəcək.
Tramp deyib ki, ABŞ bundan sonra dünyada demokratiya qurmaq üçün ordudan istifadə etməyəcək.
Onun sözlərinə görə, bundan sonra ABŞ ümumu maraqları təmin etmək üçün müttəfiq və tərəfdaşları ilə əməkdaşlığa üstünlük verəcək.
“Biz başqalarından həyat tərzlərini dəyişdirməyi tələb etmirik, yalnız uşaqlarımızın daha yaxşı yaşamasına imkan verə biləcək ümumi məqsədlərə sadiq qalmağa çağırırıq. İstənilən qərar verilərkən bu prinsipial yanaşma əsas olaraq qalacaq”, deyə D.Tramp vurğulayıb.