“Bloomberg” Agentliyinin özünün mənbələrinə istinadən verdiyi xəbərə görə, ABŞ-da prezident seçkilərindən sonra İvanka Tramp həyat yoldaşı Cared Kuşnerlə birgə seçki kampaniyasından öncə üç ya dörd dəfə Roman Abramoviç və xanımı Darya Jukova ilə elit məclislərdə görüşdüklərini açıqlayıb.
Agentlik yazır ki, əslində onlar arasında tanışlığın tarixi illər öncəyə dayanır. 2014-cü ildə Kuşner cütlüyü Darya Jukovanın dəvətilə 4 gün Moskvada qonaq qalıb. Həmin günlərdə onlar Rusiya paytaxtında Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi üçün vəsait toplanması məqsədilə təşkil olunan naharda iştirak ediblər. Bundan əlavə, hazırda ABŞ prezidentinin müşaviri olan Cared Kuşner Jukovanın art-biznesinə investisiya yatırıb. “Bloomberg” onu da yazır ki, İvanka Tramp, Cared və qardaşı Coşua xanım Jukova ilə birlikdə Nyu Cersidə “Çelsi”-“Milan” matçını izləməyə də gedib, həmçinin İvanka və Darya ABŞ-da Tennis üzrə Açıq Şempionatın oyunlarını da birgə izləyiblər.
Lakin agentlik onu da bildirir ki, Abramoviçin özü Kuşnerlərlə heç zaman göz-gözə görüşməyib. O üzdən də “Bloomberg” Abramoviçlərin ABŞ-dakı prezident seçkilərinin nəticələrinə təsiri barədə deyilənləri tamamilə istisna edir. Nəşr qeyd edir ki, İvanka Tramp özünün Instagram hesabında “Rusiyada 4 unudulmaz günə” görə Jukovaya təşəkkürünü bildirib, lakin ondan sonra milyarderin ailəsi ilə Kuşnerlər arasında heç bir görüş olmayıb.
“Bloomberg” bu iki ailə arasındakı dostluğun yaranma tarixinə də nəzər salıb. Bildirilir ki, İvanka Trampla Darya Jukovanı 2010-cu ildə Rupert Merdokun həyat yoldaşı Vendi Denq tanış edib. Denq isə Jukova ilə birlikdə Kuşnerin sərmayə yatırdığı art-layihəyə yatırım edib.
Abramoviçlərə gəldikdə, avqustun 7-də onlar 10 illik evlilikdən sonra birgə həyata son vermək qərarına gəliblər. Abramoviçin varidatı hazırda 9,2 milyard dollar qiymətləndirilir və o, dünyanın varlı adamları arasında 139-cu, Rusiya üzrə analoji siyahıda isə 12-ci yerdə qərarlaşıb.
Baki-xeber.com