Rusiya, Türkiyə və İran Suriyada birgə hərbi əməliyyatlara başlaya bilərlər. Baki-xeber.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, məsələ İran Baş qərargah rəisi general Məhəmməd Bakırinin Ankaraya səfəri zamanı müzakirə olunub.
Qeyd edək ki, son günlər ABŞ və müttəfiqi, PKK-nın Suriya qanadı PYD-nin “əl- Qaidə” bəhanəsilə İdlib şəhərini işğal etməyə hazırlaşması əsas müzakirə mövzusuna çevrilib. Ankarada da Pentaqon və PKK-nın bölgəni işğal etməsini önləmək üçün keçirilə biləcək hərbi əməliyyatın detalları müzakirə edilib.
Məlumata görə, ABŞ işğalına qarşı Türkiyə-Rusiya-İran birgə hərbi əməliyyatının keçirilməsi tərəflər arasında əsas müzakirə mövzularından biridir. Rusiya və İran əsgərlərinin cənubdan, Türkiyənin isə şimaldan irəliləyərək İdlibin terrorçulardan təmizlənməsi planlaşdırılır. Rusiya artıq İdlibin cənubundakı Muradah və Halfaya bölgəsinə hərbi qüvvə toplamağa başlayıb, Hamadakı aerodrom da Rusiya tərəfindən hazır vəziyyətə gətirilib.
Ancaq Türkiyə, bu plana məsafəli yanaşır. Çünki əksəriyyəti sığınacaq axtaran şəxslər olan 2 milyondan çox suriyalının yaşadığı İdlibdə belə bir əməliyyatın keçirilməsi çox sayda insanın ölümü ilə nəticələnə bilər. Digər tərəfdən, Ankara müxaliflərin sıx olduğu bölgəyə Əsəd ordusunun girməsinin vəziyyəti daha da gərginləşdirə biləcəyini düşünür. Ancaq bütün bunlarla belə Türkiyə, ABŞ-ın “əl-Qaidə” bəhanəsilə bölgədə əməliyyatlara başlama ehtimalına qarşı, İdlibdə qısa bir vaxtda bufer zona yaradılmasının tərəfdarıdır.
Hərbi əməliyyatların dəqiq tarixi açıqlanmır. Yaxın günlərdə Rusiya Baş Qərargah rəisinin də Türkiyəyə səfəri gözlənir.
TAHİR