Səudiyyə Ərəbistanı iranla münasibətlərinin bərpasında köməklik göstərməsi xahişilə Bağdada müraciət edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə İranın FARS agentliyi İraqın daxili işlər naziri Qasım əl-Araciyə istinadən xəbər yayıb. Agentliyin bildirdiyinə görə, nazir deyib ki, belə bir xahiş onun iranlı həmkarı Abdulreza Rəhmani Fəzli ilə Tehranda baş tutan görüşündə səslənib. Həmin xahişin qarşılığında isə iraqlı nazir deyib ki, ilk addım olaraq “Ər-Riyad iranlı zəvvarlarla hörmətlə davranmalı”, Məhəmməd Peyğəmbərin əshabələrinin uyuduğu Əl-Baki qəbiristanlığını onların üzünə açmalıdır.
Agentliyin xəbərinə görə, Ər-Riyad artıq İraqın tövsiyəsini dəyərləndirib və Əl-Baki qəbiristanlığı iranlı zəvvarların üzünə açılıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər 2016-cı ildə bu ölkənin Tehran və Məşhəd şəhərlərindəki diplomatik nümayəndəliklərinə edilən hücumlardan sonra pisləşib. Həmin hücumlar isə Ər-Riyadda şiə müctəhidi Nimra ən-Nimranın edamına cavab olaraq törədilmişdi. Çox keçmədən Bəhreyn, Sudan və Cibuti də Səudiyyə Ərəbistanı ilə həmrəylik göstərərək İrandakı diplomatik nümayəndələrini geri çağırdılar. Həmin ilin noyabrında İran məhkəməsi sözügedən hücumları təşkil edən 20 nəfər barəsində öz hökmünü verdi. Bunun ardınca İraq XİN rəhbəri İbrahim əl-Cəfəri İranla Səudiyyə Ərəbistanı arasında diplomatik böhranın aradan qaldırılması üçün Bağdadın vasitəçi olacağını açıqladı.