İran parlamenti ABŞ sanksiyalarına cavab olaraq özünün raket proqramının işlənməsinə 520 milyon dollar ayrılması üzrə qanun layihəsini təsdiqləyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Frans Press” agentliyi xəbər yayıb. Agentlik xəbərində parlamentin spikeri Əli Laricaninin “Amerikanlar bunun bizim ilk addımımız olduğunu bilməlidir” sözlərini sitat gətirir. Onun sözlərinə görə, bazar günü təsdiqlənən qanun layihəsi “terrorizmə və ABŞ-ın regiondakı avantüralarına” qarşı istiqamətlənib.
Xatırladaq ki, daha öncə ABŞ İranın raket proqramına cavab olaraq bu ölkənin 18 fiziki və hüquqi şəxsi barəsində sanksiya qərarı çıxarıb. Tehran həmin qərarı qınayaraq bəyan edib ki, amerikan şirkətlərinə və fiziki şəxslərinə qarşı cavab tədbirləri görəcək. Bununla belə, ABŞ-da daha öncə etiraf ediblər ki, İslam Respublikası “altılıq” ölkələri ilə əldə olunan nüvə razılaşmasına əməl edir.
İRNA agentliyi isə xəbər verir ki, sözügedən qanun layihəsinə 247 deputatdan 240 nəfəri səs verib.