ABŞ prezidenti Donald Tramp Rusiyadakı amerikan dipmissiyasının sayının azaldılması qərarına görə Putinə təşəkkür edəcəyini bildirib.
Baki-xeber.com-un xəbərinə görə, Nyu Cersidəki qolf meydançasında ona Putinin sözügedən addımına cavab verilib-verilməyəcəyilə bağlı verilən sualı cavablandıran Tramp “beləliklə xeyli vəsaitə qənaət etmiş olarıq” deyib.
“Mən ona sağ ol demək istəyirəm, çünki hazırda biz personala ayrılan vəsaitin azaldılması üzərində düşünürük. Bu qərarı verməklə Putin xeyli işçini ixtisar edib ki, bu da xərclərimizin azalmasına gətirib. Buna görə ona minnətdaram”- deyən ABŞ prezidenti bununla da iki ölkə arasındakı diplomatik qalmaqala son verib.
Xatırladaq ki, iyulun sonlarında ABŞ-ın anti-Rusiya sanksiyalarına qarşılıq olaraq Putin Vaşinqtonun bu ölkədəki dipmissiyalarında çalışanların sayının 755 nəfər azaldılmasına qərar verib. Lakin maraqlıdır ki, ABŞ Dövlət Departamenti ilə prezident Trampın məsələyə münasibəti bir-birindən kəskin fərqlənib. Belə ki, Trampdan daha öncə Dövlət Departamenti Rusiya prezidentinin son qərarından təəssüfləndiklərini açıqlamışdı.