ABŞ prezidenti Donald Trampın Nyu-Yorkda uşaqlığını keçirdiyi ev Airbnb internet saytında bir gecəsi 777 dollara kirayəyə təklif edilir.
Tramp ABŞ prezidenti seçiləndən iki ay sonra ev 2,14 milyona dollara satılıb. ABŞ mərkəzli ev və ya otaq kirayə etmək saytı olan Airbnb-də verilən elana görə, Nyu-Yorkun Queens rayonunda yerləşən evdə 20 nəfər qala bilər. Elanda həmçinin hazırda ABŞ prezidenti olan Trampın evində bir neçə gün qalmanın "qaçırılmaz bir fürsət" olduğu bildirilir. Lakin elanın Tramp və ya Ağ Evlə heç bir əlaqəsi yoxdur.
Trampın yaşadığı günlərdən bu yana qədər evin çox da dəyişmədiyi deyilir. Mebellər "Tramp hələ də orada yaşayırmış kimi" onun zövqünə uyğun olaraq seçilib. Beş yataq otağı və üç ayaqyolundan ibarət olan ev metroya yaxın məsafədə yerləşir.
Kirayəşinləri evin salonunda Donald Trampın böyük karton maketi qarşılayacaq. Elana görə, Trampın həqiqi insan boyundakı maketi "Gecə saatlarında Fox News kanalını seyr edərkən gözəl bir müşayiətçidir". Fox News Trampı ən çox dəstəkləyən ABŞ televiziya kanalı kimi tanınır.
Ev Trampın atası Fred Tramp tərəfindən 1940-cı ildə inşa edilib. Doğus şəhadətnaməsində bu evdə qeydiyyatda olan Tramp, burada 4 yaşına qədər yaşayıb. Daha sonra ailəsi yaxınlıqdakı daha böyük bir evə köçüb.
Tramp ötən il sentyabr ayında amerikalı komediya ustası Cimmi Fallonun televiziya proramında iştirak edən zaman evi yenidən satın almaq istədiyini söyləmişdi. Lakin mart ayında evi zəngin bir əmlakçı 2,14 milyon dollara almışdı.