İrandan gələ biləcək təhlükələrin qarşısını almaq üçün Türkiyə sərhəddə 144 kilometr uzunluğunda hasarın çəkilişinə başlayıb.
Baki-xeber.com-un “Sputnik-Türkiyə”yə istinadən xəbərinə görə, artıq İran və Türkiyə arasındakı sərhəd xətti boyunca 2 metr eni, 3 metr hündürlüyü olan 7 ton ağırlığında səyyar blokların yerləşdirilməsinə başlanıb. Təhlükəsizlik hasarının çəkilməsinə Ağrı valisi Süleyman Elban aydınlıq gətirib. Polis İdarəsinin rəisi Kenan Yıldız və bölgənin jandarm rəhbəri Albay Gökhan Şahinlə birlikdə İran sərhəddinə gedən Süleyman Elban Milli Müdafiə Nazirliyi tərəfindən TOKİ-yə (Toplu Konut İdaresi Başkanlığı) tikdirilən Ağrı sərhədindəki təhlükəsizlik divarının inşa olunduğu bölgə ilə tanış olub.
TOKİ-nin sədri Ergün Turan bildirib ki, Iğdır və Ağrı bölgələrində ümumi uzunluğu 144 kilometr olan sərhəd divarı inşa ediləcək. Divarın qalınlığı 30 sm-dir. 1 metrlik fundamenti ilə birlikdə divarın hündürlüyü 4 metr olacaq. Onun üzərində isə metal məftil quraşdırılacaq. Sərhəd divarı boyunca 15 güllə keçirməyən qapı qoyulacaq. Hasarın tikilməsində məqsəd İrandan gələ biləcək təhlükələrin qarşısını daha effektiv şəkildə almaq və sərhədin təhlükəsizliyini yüksək səviyyədə təmin etməkdir.
Bundan əvvəl isə Türkiyə Suriya ilə sərhəddə hasar inşasına başlamışdı. İnşaat Türkiyə tərəfindən maliyyələşdirilir və bu işləri türk şirkətləri həyata keçirir.