ABŞ-ın keçmiş dövlət katibi Henri Kissinger İranın yenidən radikal imperiya ola biləcəyi barədə xəbərdarlıq edib.
"The İndependent" qəzeti yazır ki, keçmiş diplomat, İŞİD məğlub edildikdən sonra Tehranın onun ərazilərinə nəzarəti ələ ala və böyük imperiyaya çevriləcəyini iddia edib.
Prezident Riçard Niksonun vaxtında dövlət katibi olmuş 94 yaşlı Kissinger habelə ABŞ-ın Yaxın Şərq münaqişələrində kiminsə tərəfini tutmasının təhlükəli ola biləcəyini deyib: "Hazırkı şəraitdə ənənəvi "düşmənimin düşməni mənim dostumdur" düsturu işləmir. Müasir Yaxın Şərqdə "sənin düşməninin düşməni sənin də düşmənin" ola bilər. Yaxın Şərq dünyanı öz ideologiyalarının səbatsızlığı ilə yanaşı, həm də müəyyən hərəkətləri ilə təsirləndirir".
Keçmiş diplomat daha sonar bildirir: "Ətraf aləmin İŞİD-lə müharibəsi bunun parlaq nümunəsi ola bilər. Şiə İran və aparıcı sünni dövlətləri də daxil əksər qeyri-İŞİD ölkələr bu təşkilatın məhv edilməsinin zərurətini qəbul ediblər. Lakin bu təşkilatın itirdiyi ərazini hansı vahid nəzarətə götürəcək? Sünni koalisiyası? Yoxsa bu ərazilər İranın təsir dairəsinə düşəcək?...
Cavab qeyri-müəyyəndir, çünki Rusiya və NATO ölkələri qarşıduran tərəfləri dəstəkləyirlər. Əgər İŞİD ərazisi İnqilab Keşikçiləri və ya onun tərəfindən təlimləndirilmiş şiə qüvvələri tərəfindən zəbt olunsa, nəticədə Tehrandan Beyrutadək uzanan ərazi qurşağı yaranacaq. Bu isə yeni radikal İran imperiyasının başlanğıcı olacaq".
"The İndependent" yazır ki, Kissinger belə fikirlər ilk dəfə irəli sürmür. Ötən il keçmiş Harvard professoru demişdi ki, Yaxın Şərqin üzləşə biləcəyi ən böyük problem İranın potensial hegemonluğu ola bilər.