Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmana sui-qəsd cəhdi olub. Baki-xeber.com xəbər verir ki, bu barədə İranın yarı-rəsmi xəbər agentliyi kimi tanınan Fars Xəbər Agentliyi məlumat yayıb.
Agentlik ərəbcə nəşr edən “Merat El Cezire”yə istinadən xəbər verir ki, şahzadə Məhəmmədi öldürməyə çalışan şəxs Səudiyyə Ərəbistanı Kral ailəsindən olan bir şahzadədir. Səudiyyə Ərəbistanı taxtının varisi, vəliəhd Şahzadə Məhəmməd bin Səlmanın sui-qəsd zamanı heç bir xəsarət almadığı, sui-qəsdi təşkil edən şahzadənin isə həbs olunduğu qeyd edilir.
Kral Salmanın oğlu Məhəmməd bin Salman bir müddət əvvəl, Məhəmməd bin Nayifin yerinə vəliəhd təyin edilmişdi. Qeyd edilir ki, birmənalı qarşılanmayan bu təyinatın ardından, keçmiş vəliəhd Məhəmməd bin Nayif ev dustağı edilib.
Riyad rəhbərliyinə yaxın mənbələr, qardaşı oğlu və keçmiş vəliəhd şahzadə Məhəmməd bin Nayifi ev həbsində saxlayan Kral Salmanın bir ay ərzində taxtı oğluna təhvil verməyə hazırlaşdığını və bunun üçün uyğun zamanı gözlədiyini bildirir. Ərəb mediası yazır ki, Kral Saman iki aylıq tətilə çıxaraq, işləri vəliəhd şahzadəyə buraxacaq, sonra da taxtdan əl çəkəcək.
Fars Xəbər Agentliyi də, Kral Salman bin Əbdüləzizin gözləniləndən daha qısa bir müddət ərzində taxtdan imtina edəcəyini yazır. Adı açıqlanmayan keçmiş şahzadənin, də məhz vəliəhd şahzadə Məhəmmədin taxta oturmasının qarşısını almaq üçün ona sui-qəsd təşkil etdiyi iddia edilir.
Səudiyyə sarayına istinadən yayılan məlumatlara görə, artıq Kral Salman bin Əbdüləzizin, taxtdan imtina edib, səlahiyyətlərini oğlu Şahzadə Məhəmmədə buraxdığını ifadə edən sənəd də hazırdır. Ancaq bunun rəsmi açıqlanması üçün uyğun zamanı gözləyirlər.
“El Rey el Yevm” qəzeti isə yazır ki, Kral Salman oktyabr-dekabr ayları arasında taxtdan imtina edəcək. Bu ilin sonuna kimi Səudiyyə Ərəbistanı taxtına çıxacağı bildirilən vəliəhd şahzadə Məhəmməd bin Salman, üzərinə götürdüyü Müdafiə naziri vəzifəsi, Yəmən əməliyyatında oynadığı aktiv rol və ABŞ-la qurduğu diplomatik əlaqələrlə tanınır.
“Reuters” isə sui-qəsd iddiaları ilə gündəmə gələn Məhəmməd bin Salmanın sürətlə yüksəlişinin Səudiyyə sarayındakı diplomatlar və əsgərlər arasında narahatlıq yaratdığını qeyd edir.