Pentaqon Modovada hərbi baza inşa etmək barədə qərar verib və bu məqsədlə 250 min dollar ayırmağı planlaşdırır.
Bu barədə Rusiya mətbuatının yaydığı məlumatda deyilir. Xəbərdə bildirilir ki, həmin bazada əsgərlər şəhər şəraitində döyüş aparma ilə bağlı təlimlər keçəcək, təcrübə əldə edəcəklər. Maraqlıdır ki, respublika rəhbərliyi NATO-nun bu planına qarşı çıxır. Lakin ekspertlər deyir ki, Vaşınqton Kişinyovu NATO ilə əməkdaşlığa vadar etməklə əslində Rusiya sərhədlərinə daha çox yaxınlaşmağı hədəfləyir.
Moldova prezidenti İqor Dodon deyib ki, onun təyinatına qədər belə planlar ola bilərdi, lakin hazırda söz sahibi odur və belə plan varsa, onu bloklayacaq. “Biz neytrallığımızı qoruyub saxlamalıyıq”- Dodon məsələyə münasibət bildirərkən deyib. Ekspertlər isə diqqəti Bulboake rayonunda yerləşən, 2012-ci ildən bərpasına başlanan hərbi bazaya çəkir və onun tikintisinə artıq amerikanların 1,6 milyon dollar sərf etdiyini bildirir.
Xatırladaq ki, 2012-ci ildə Moldova NATO-nun tərəfdaşı statusunu alıb. Hazırda isə ABŞ-ın maliyyələşdirdiyi NATO proqramı çərçivəsində ölkəyə silah-sursat daşınır, hərbi bazalar modernləşdirilir. Bütün bunlar isə ABŞ-la münasibətləri hər keçən gün pisləşən Rusiyada ciddi narahatlıqla qarşılanır. İndi bu ölkədə belə bir fikir hakimdir ki, Amerikanın Kişinyovun daxili işlərinə qarışmaqla onu NATO ilə əməkdaşlığa sövq etməkdə məqsədi blokun Şərq sərhədlərini genişləndirməklə Rusiyanın yaxınlığına yerləşməkdir.
Beləliklə, artıq Moskva Moldovaya NATO-nun platsdarmı kimi baxır və hadisələrin gedişi sözügedən ərazidə daha bir gərginlik ocağının yarana biləcəyini düşünməyə ciddi əsaslar verir.
SAMİRƏ