Beynəlxalq Millətlər Təşkilatı dünya birliyinə İŞİD-in yezidlərə qarşı qətliamının genosid olaraq tanınması və bu işin Beynəlxalq Cinayət Məhkəməsi və ya Tribunalda araşdırılması üçün bütün mümkün vasitələrdən istifadə olunması yönündə çağırış edib.
Baki-xeber.com-un BMT Radioya istinadən xəbərinə görə, sözügedən çağırışla qurumun Suriyada baş verənləri araşdıran xüsusi komissiyası çıxış edib. Həmin çağırışın avqustun 3-də səslənməsinə diqqət çəkən qaynaq bildirib ki, bu tarix təsadüfən seçilməyib. Belə ki, 2014-cü ildə İraq Kürdüstanının Sincar əyalətinə hücum edən İŞİD yaraqlıları orada çoxlu sayda yezidin olduğu yüzlərlə kişini edam edib, qadınları əsir almışdı. Həmin qadınları satan və seksual köləyə çevirən terrorçular əsir aldıqları oğlan uşaqlarını isə ideoloji hazırlığa cəlb edib kamikadzelər yetişdirməklə onlardan öz məqsədləri üçün istifadə ediblər.
Komissiya üzvləri bildiriblər ki, İŞİD yezidləri indiyə kimi təqib edir. Delə ki, məlumatlara görə, bu toplumun mindən çox kişi üzvü hələ də itkin düşmüş sayılır, 3 mindən çox qadın isə hər gün təcavüzə və işgəncələrə məruz qalır.
Komissiya üzvləri bütün tərəfləri İŞİD-ə qarşı mübarizəyə səsləyərək, hərbi əməliyyatlar zamanı əsirlikdə olan yezidlərin azad olunması yönündə də səyləri əsirgəməməyi tövsiyə edir.