ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanunu imzalayıb.
APA-nın xəbərinə görə, bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd edək ki, bir gün əvvəl vitse-prezident Mayk Pensə istinadən D.Trampın sanksiyalar barədə qanunu imzaladığı barədə xəbər yayılıb. Lakin az sonra bu xəbər təkzib edilib və M.Pensin prezidentin qanunu tezliklə imzalayacağını söylədiyi açıqlanıb.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Senatın təqdimatından sonra Rusiya, KXDR və İrana qarşı imzaladığı sanksiyalara dair qanunda ciddi nöqsanlar var. D.Trampın Ağ Evin saytında yayılan bəyanatında bildirilir.
«Rusiya, İran və Şimali Koreyanın aqressiv və dağıdıcı hərəkətlərinə qarşı sərt tədbirləri dəstəkləsəm də, qanunda ciddi nöqsanlar mövcuddur. İlk növbədə ona görə ki, sənəd icra hakimiyyətinin danışıqlar aparmaq hüququnu məhdudlaşdırır. Bu isə ABŞ xalqının rifahına yönələn sazişlərin bağlanmasını mürəkkəbləşdirəcək, Çin, Rusiya və Şimali Koreyanı isə bir-birinə yaxınlaşdıracaq”, deyə D.Tramp qeyd edib.
D.Tramp həmçinin Konqresin dövlət başçısının Rusiya üzərindən sanksiyaları aradan qaldırmaq hüququndan məhrum edilməsinə dair qərarını da pisləyərək vurğulayıb ki, sanksiyalar barədə qanunu ABŞ-ın milli birliyi naminə imzalayıb.
Xatırladaq ki, iyulun 25-də Konqresin Nümayəndələr Palatası, iyulun 28-də isə Senat Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi barədə qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib. Sənəddə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etdiyinə, Suriyada Əsəd rejimini dəstəklədiyinə və ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsinə görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulur. Obama dövründə prezident fərmanı ilə tətbiq olunmuş sanksiyalar isə qanun halına salınır. Bundan sonra prezident sanksiyaları yalnız Konqresin icazəsi ilə ləğv edə bilər.