ABŞ sanksiyalar tətbiq edərək Rusiyaya qarşı ticarət müharibəsi elan edib. APA-nın TASS agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş naziri Dmitriy Medvedev özünün “Feysbuk” səhifəsində yazıb.
O, tətbiq edilən sanksiyaların mənasız olduğunu, Rusiyanın bundan sonra da inkişaf edəcəyini bildirib: “ABŞ Rusiyaya əsl ticarət müharibəsi elan edib. Biz rahatca iqtisadiyyat və sosial sahənin inkişafı ilə bağlı işlərimizi davam etdirəcəyik. Son illər biz özümüzə güvənməyə öyrənmişik. Hardasa bu sanksiyaları hətta faydası da olub. Baxmayaraq ki, bu, ümumilikdə mənasızdır. Biz bacaracağıq”.
ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı imzaladığı sanksiyalara dair qanun de-fakto heç nəyi dəyişmir. Bunu isə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bəyan edib.
"Bu yenilik deyil, artıq cavab tədbirləri də görülüb. Bu səbəbdən sanksiyalara dair yeni qanun de-fakto heç nəyi dəyişmir. Yeni tədbirlərə ehtiyac yoxdur”, deyə D.Peskov qeyd edib.
Qeyd edək ki, iyulun 30-da prezident Vladimir Putin ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşının Rusiyanı tərk etməli olacağını bəyan edib.
“ABŞ-ın tətbiq etdiyi sanksiyaları nüvə razılaşmasının pozulması kimi qiymətləndiririk”. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran XİN rəhbərinin müavini Abbas Əraqçı bəyan edib.
“Hesab edirik ki, nüvə razılaşması pozulub. Təbii ki, biz bu qərara qarşı müvafiq tədbirlər görəcəyik”, deyə A.Əraqçı bildirib.
Qeyd edək ki, İranla “altılıq” ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında Birgə Fəaliyyət Planı 2015-ci il, iyulun 14-də Vyanada imzalanıb. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.