Rusiyada məhkəmə zalında atışma olub. APA-nın RBC agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Moskva vilayət məhkəməsində “GTA dəstəsi” işi üzrə proses zamanı baş verib.
Vəkil Sofya Rubasskaya bildirib ki, azı 20 dəfə atəş səsləri eşidilib. Onun sözlərinə görə, atışma nəticəsində yaralanan şəxslər var. Onların arasında konvoy və qadın məhkəmə icraçısı var.
Şahidlərin bildirdiyinə görə, atəş açan şəxslər konvoylardan birinin silahını əlindən alıblar.
Məhkəmə zalında atışma nəticəsində 4 nəfər ölüb. APA-nın RBC agentliyinə istinadən verdiyi məlumata görə, daha 3 nəfər yaralanıb.
İttiham olunanların vəkili isə “RİA Novosti”yə bildirib ki, ölənlərin hamısı “GTA dəstəsi”nin üzvləridir.
TASS-ın mənbəyə istinadən verdiyi məlumatda isə deyilir ki, ittiham olunanlardan 3 nəfər ölüb, digər iki nəfər isə tərksilah olunub.
Rusiya İstintaq Komitəsinin verdiyi son məlumata görə, atışma nəticəsində Rusiya qvardiyasının bir əməkdaşı yaralanıb. Üç cinayətkar öldürülüb, ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, komitənin verdiyi məlumatda iki müşayiətçinin çoxsaylı xəsarətlər aldığı, onlardan birinin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Moskva vilayət məhkəməsində baş verən silahlı insidentin təfərrüatları da məlum olub. APA-nın məlumatına görə, hadisə Moskva vilayətində çoxsaylı cinayətlərdə ittiham olunan "GTA dəstəsi" adı altında fəaliyyət göstərən cinayətkar dəstənin məhkəməsi zamanı baş verib.
Cinayətkar dəstənin beş nəfər üzvünü gətirən konvoya liftə hücum olub. Məhkəmə binasının dördüncü mərtəbəsində lift dayanıb. Bundan istifadə edən dəstə üzvləri konvoyun üzərindəki silahları götürərək, onlara ağır bədən xəsarətləri yetiriblər.
Lakin məhkəmə binasında olan “Rosqvardiya”nın əməkdaşları bunun qarşısını alıblar. Dəstə üzvləri ilə “Rosqvardiya” əməkdaşları arasında atışma baş verib. Nəticədə cinayətkar dəstənin 3 üzvü hadisə yerində öldürülüb, digər iki nəfər isə zərərsizləşdirilib.
Atışma zamanı “Rosqvardiya”nın əməkdaşı da yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində bir polis əməkdaşı müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi açılıb, araşdırma aparılır. Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko hadisənin "GTA dəstəsi" tərəfindən törədildiyini təsdiqləyib. Onun sözlərinə görə, dəstə üzvləri məhkəmədən qaçmağa cəhd edərkən məhv edilib.
Qeyd edək ki, "GTA dəstəsi" adlı cinayətkar dəstənin üzvləri Moskva vilayəti ərazisində müxtəlif ağır cinayətlərdə ittiham olunur. Onlar 17 nəfərin qətlində və digər ağır cinayətlərdə ittiham olunur.