Çin xalqı sülhün tərəfdarıdır, heç vaxt təcəvüzkar olmaz, amma heç kəsə də ərazisindən bir qarış verməz. Trend-in məlumatına görə, bunu ölkə lideri Si Tszinpin Çin Milli Azadlıq Ordusunun 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə deyib.
Lider bəyan edib: "Heç bir şəxsə, təşkilata, yaxud siyasi partiyaya nə vaxtsa, hansısa yolla və ya formada Çindən bir qarış ərazi almasına imkan vermərik".
O qeyd edib ki, heç kəs Pekini "suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına" xələl gətirə biləcək nəyəsə dözməyə məcbur edə bilməz
“Koreya yarımadasındakı gərgin vəziyyətə görə Çin yox, ABŞ və KXDR məsuliyyət daşıyır”. APA-nın “İnterfaks” agentlyinə istinadən verdiyi xəbərə görə, bunu isə Çinin BMT-dəki daimi nümayəndəsi Lyu Tzei bəyan edib.
“İmkanlarından asılı olmayaraq Çin bu problemlə əlaqədar əməli nəticələr əldə edə bilməz. Çünki hər hansı müsbət irəliləyiş iki prinsipial tərəf – ABŞ və Şimali Koreyadan asılıdır. Bu səbəbdən Koreya yarımadasındakı vəziyyətə görə Çin deyil, rəsmi Vaşinqton və Pxenyan məsuliyyət daşıyır”, deyə Lyu Tzei bildirib.
Qeyd edək ki, ABŞ davamlı olaraq Pxenyanın əsas ticarət tərəfdaşı olan Çini Şimali Koreyaya təzyiq göstərməməkdə günahlandırır.
İyulun 30-da ABŞ prezidenti Donald Tramp özünün "Tvitter" səhifəsində yazıb ki, Çin Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı fəal tədbir görmür. “Çin asanlıqla bu problemi həll edə bilərdi”, D.Tramp qeyd edib.