Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli TSN agentliyi miqrasiya xidmətinə istinadən xəbər verir. Xəbərə görə, buna səbəb kimi Mixeil Saakaşvilinin Xidmətdə anket doldurarkən oraya yalan məlumatlar daxil etməsi göstərilir. “Anketdə Saakaşvili barəsində məhkəmə hökmünün olmadığını göstərir, halbuki, Gürcüstanda o, qiyabi şəkildə həbs olunub”- sənəddə deyilir.
Miqrasiya Xidmətində bildiriblər ki, Saakaşvili barəsində araşdırmalara xalq deputatı Andrey Lozovoyun Prokurorluğa müraciətindən sonra başlanıb.
Qeyd edək ki, Saakaşvili 2015-ci ildə bir zamanlar prezidenti olduğu Gürcüstan vətəndaşlığından da çıxarılıb. Onun üçüncü ölkə vətəndaşlığının olub-olmaması ilə bağlı isə heç bir məlumat yoxdur.
Onu da xatırladaq ki, ötən ilin noyabrında Saakaşvili Ukrayna rəhbərliyini – prezident Poroşenko və daxili işlər naziri Arsen Avakovu korrupsiyada ittiham edərək, eyni zamanda Odessa şəhərinin merini cinayətkar klanın başçısı olmaqda suçlayaraq Odessanın qubernatoru vəzifəsindən istefa vermişdi. Saakaşvili həmçinin bildirmişdi ki, “mübarizənin yeni mərhələsinə başlamaq üçün” vəzifəsindən gedir. Ardınca isə Ukraynada özünün yeni partiya yaratmaq niyyətini dilə gətirmişdi.