ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya qarşı birtərəfli sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Trend-in məlumatına görə, Nümayəndələr Palatasında qanun layihəsi səs çoxluğu ilə qəbil edilib. Belə ki, 419 səs qanun layihəsinin lehinə, 3 səs əleyhinə olub.
Qeyd edək ki, bundan sonra sənədə Senatda baxılmalıdır.
“ABŞ Konqresinin nümayəndələr palatası tərəfindən qəbul edilən KXDR, İran və Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanun layihəsi "tarixdə ən geniş sanksiyalar paketidir". Bunu ABŞ Konqresinin aşağı palatasında baş tutan səsverməni şərh edən nümayəndələr palatasının spikeri Pol Rayan bildirib.
Onun sözlərinə görə, İran, Rusiya və Şimali Koreya ABŞ-a münasibətdə təxribatçılıq fəaliyyəti aparmağa çalışırlar və qlobal sabitlik pozurlar.
ABŞ dövlət katibi Reks Tillerson hesab edir ki, Ukraynadakı vəziyyətə görə tətbiq edilən sanksiyaların götürülməsi üçün Rusiya hələ çox iş görməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə isə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
O, ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən Rusiya əleyhinə sanksiyalar üzrə qəbul edilən qanun layihəsini şərh etməkdən imtina edib.
Xezer Nauert Rusiyaya qarşı sanksiyalar məsələsində dövlət katibinin qətiyyətli mövqe tutduğunu bildirib.
“Hesab edirik ki, Moskva sanksiyaların tətbiqinə səbəb olmuş təxribatçı əməllərinə son qoymayanadək Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq. Tillerson hesab edir ki, Ukraynadakı vəziyyətə görə tətbiq edilən sanksiyaların götürülməsi üçün Rusiya hələ çox iş görməlidir”, - deyə Xezer Nauert bildirib.