Putin ABŞ-ın nüvə hücumuna qarşı Moskvanını altında bunkerlər şəbəkəsi yaradıb.
Belə bir iddia ilə Britaniyanın “Daily Star” qəzetinin yazarı Henri Hellouey çıxış edib. Onun bildirdiyinə görə, bu barədə Pentaqon ekspertlərinin hazırladığı hesabatda məlumat yer alıb. Məlumatda bildirilir ki, görünür, Rusiya prezidenti ABŞ-ın onu devirmək üçün plan hazırladığına əmindir və gözlənilən təhlükəni qarşılamaq üçün 10 min nəfərin yerləşə biləcəyi nəhəng yeraltı kompleks tikdirib.
“Times” qəzeti isə yazır ki, həmin nüvə bunkerləri Moskvanın altında 300 metr dərinlikdə yerləşir və “nüvə armageddonu”nun gəlişinə hazırlıq məqsədi daşıyır. “Kremlin altında yerləşən nəhəng kompleks və Moskva Dövlət Universitetinin altında inşa olunmuş bunker hərbi vəziyyət zamanı milli komandanlıq üçün nəzərdə tutulub”- Pentaqonunu hesabatında deyilir. Həmçinin qeyd olunur ki, burada yaradılan yüksək səviyyəli həyati dəstək sistemi nüvə zərbəsindən sonra aylarla burada qalıb müxtəlif əməliyyatlar keçirməyə imkan verir.
“Soyuq müharibə” dövründən bəri Rusiyanın nüvə hücumundan sonrakı imkanları ilə bağlı ilk sayılan bu hesabatı ABŞ Müdafiə nazirliyinin Kəşfiyyat idarəsinin ekspertləri hazırlayıb. Ehtimal olunur ki, Putinin bunkerləri şəbəkə şəklində yaradılıb və onlar arasında əlaqə də nəzərdə tutulub. Sonda isə bunker şəbəkəsindən çıxışın “Vnukovo” aeroportundakı VİP terminalına birləşdiyi güman edilir.
Yazıda o da bildirilir ki, sözügedən hesabat Donald Trampın ABŞ prezidenti seçilməsindən öncə tərtib olunub. Bildirilir ki, Trampın gəlişindən sonra bir çoxları onun Putinlə münasibətləri düzəldəcəyinə ümid edirdi, lakin məlum seçkiyə müdaxilə qalmaqalı bu ümidlərin üzərindən xətt çəkib. Üstəlik, Suriyada maraqlarının toqquşmasının ardından Ağ Evlə Kreml arasında münasibətlər daha kritik xarakter alıb.
SAMİRƏ