BMT Təhlükəsizlik Şurası Rusiyanın Dəməşqdəki səfirliyinə atəş açılması ilə bağlı bəyanatını bloklayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Rusiyanın beynəlxalq təşkilatdakı daimi nümayəndəliyinin yaydığı press-relizdə deyilir. Sənəddə bildirilir: "Rusiyanın Təhlükəsizlik Şurasındakı daimi nümayəndəliyi BMT TŞ üzvü dövlətlər arasında mətbuat üçün qısa açıqlama yayaraq Səfirliyə hücumu pisləmiş və bu zaman terrorizmlə mübarizə və dipmissiyaların immunitetlərilə bağlı standart formulirovkalardan istifadə etmişdi. Təəssüflə bildiririk ki, Təhlükəsizlik Şurasının bəzi üzvləri yenidən Rusiyanın məsələyə terror cəhdi kimi baxılması fikrindən imtina edərək, hadisədə terror elementlərinə dair yetərli arqumentlərin olmadığını bildirib”.
Açıqlamada qeyd olunur ki, BMT TŞ-nin bəzi üzvləri Rusiyanın olayla bağlı bəyanatından bir sıra önəmli məqamların çıxarılmasını istəyib, lakin Rusiya tərəfi sənəd üzərində işlənilməsini lüzumsuz sayıb. Nümayəndəlik onu da bildirib ki, son zamanlar Rusiyanın Dəməşqdəki Səfirliyi tez-tez atəşə tutulur və RF beynəlxalq təşkilatdakı müttəfiqlərinə terrorizmə qarşı mübarizənini gücləndirilməsi yönündə çağırış edib.
Xatırladaq ki, sonuncu dəfə iyulun 24-25-də Dəməşqdəki Rusiya Səfirliyi atəşə tutulub və dipmissiyanın perimetrinə bir neçə mərmi düşüb. Bundan öncə - iyulun 16-da isə Səfirlik ərazisi minomyot atəşinə tutulub. “Həyat Təhrir Əş-Şam” və “Feylak Ər-Rəhman” terrorçu qruplaşmalarının nəzarətində olan Cobar paytaxt rayonundan atıldığı ehtimal edilən iki mərmi isə sərhəd-keçid məntəqəsi yaxınlığında partlayıb.