Basra Körfəzində yeni bir böhran müşahidə yaranıb. Baki-xeber.com xəbə verir ki, körfəzin kiçik ölkəsi Küveyt İran səfirini ölkədən qovur.
Tehranı ölkədəki “El Abdal” təşkilatına dəstək verməkdə günahlandıran Küveyt, bundan bir gün əvvəl İran diplomatlarının ölkəni tərk etməsini tələb edib. Sonradan isə, İran səfirinə Tehrana dönməsi üçün 48 saat vaxt verib.
İran Xarici İşlər Nazirliyi isə Küveytin iranlı diplomatların sayını azaltmaq qərarına qarşılıq verəcəyini bəyan edib.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi, İranın Küveytə nota verdiyini deyib. B.Qasimi Küveytin Tehrandakı müvəqqəti işlər vəkilinin Küveyt dövlətinin İrana qarşı irəli sürdüyü ittihamlarla bağlı XİN-ə çağırıldığını bildirib.
Onun sözlərinə görə, Küveytin müvəqqəti işlər vəkilinə bildirilib ki, İran İslam Respublikası ölkədəki diplomatik nümayəndələrin sayının azaldılması ilə bağlı oxşar addım atmaq hüququnu özündə saxlayır.
"Küveytin İranla bağlı iddiaları əsassızdır. Təəssüfedici haldır ki, Küveyt rəsmiləri bu həssas dövrdə səmərəsiz gərginliklərdən çəkinmək, regionda macəra axtaran tərəflərin təzyiqləri və şirinləşdirici vədləri qarşısında təmkinli olmaq əvəzinə, bu kimi boş vədlərə müsbət reaksiya verir və İran İslam Respublikasına qarşı boş ittihamlar irəli sürür", - deyə B. Qasimi Küveytin müvəqqəti işlər vəkilinə bildirib.
B.Qasimi deyib ki, Küveyt müvəqqəti işlər vəkilinə iddia olunan məsələ ilə bağlı İranın heç bir əlaqəsinin olmadığı və bu barədə əvvəlcədən Küveyt rəsmilərinə məlumat verilib.
Qeyd edək ki, Tehranın, qanunsuz fəaliyyət göstərən “El-Abdal təşkilatı ilə əlaqəsi olduğunu iddia edən Küveyt, İranın bu ölkədəki mədəni və hərbi attaşe aparatlarının bağlayıb, iranlı diplomatların sayının azaldılmasına qərar verib. Diplomatik missiyanın 15 üzvünə 45 gün ərzində ölkəni tərk etmək göstərişi verilib. Bundan sonra İran səfirliyində 4 diplomat fəaliyyət göstərəcək.
Küveyt-İran hökumətlərarası komissiyasının fəaliyyəti də dayandırılıb. Bu addımlar Küveyt məhkəməsinin müvafiq qərarından sonra atılıb.