CNN Fars körfəzi ölkələri arasında 2013-2014-cü illərdə imzalanan sazişi açıqlayıb.
Baki-xeber.com-un xəbərinə görə, telekanalın ekspertləri məhz həmin sənədin şərtlərinə əməl olunmaması səbəbindən Qətər böhranının başladığı qənaətindədir.
2013-cü il noyabrın 23-də Səudiyyə kralı, Qətər və Küveyt əmirləri arasında imzalanan ilk saziş Körfəz ölkələrinin daxili işlərinə qarışılmasını, həmçinin Misir və Yəməndə silahlı müxalifətə dəstək verilməsini qadağan edir. Sənəddə xüsusilə Misirdəki “Müsəlman qardaşları” terrorçu təşkilatına maliyyə dəstəyi qadağan edilir.
İkinci analoji sənəd isə 2014-cü il noyabrın 16-da Bəhreyn kralı, Əbu-Dabinin varisi və Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri tərəfindən imzalanıb. Sənəddə “Əl-Cəzirə” telekanalına diqqət çəkilərək, Dohanın bu kanal vasitəsilə Misirin qanuni hakimiyyətinə hədə notlarının ünvanlandığı diqqətə çatdırılır. Hər iki sənədin tələblərini pozduğu iddia edilən Qətər isə barəsində deyilənləri qəbul etməyərək, eyni fikirləri Səudiyyə Ərəbistanı və BƏƏ barəsində işlədir. Bundan başqa, Qətər bu ölkələrin “Əl-Cəzirə”nin bağlanması yönündə tələblərini “ölkənin suverenliyinə əsassız və misilsiz hücum” adlandırır.