ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin Hamburqda ikitərəfli görüş zamanı 40 dəqiqə Moskvanın Amerikadakı seçkilərə müdaxiləsini müzakirə ediblər.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “New York Times” Ağ Evdəki dövlət katibi Reks Tillersonun məlumatlandırdığı mənbəyə istinadən yazıb.
Onun sözlərinə görə, görüşdə onlar arasında vəziyyət zaman-zaman gərginləşib və Putin yüksək səslə Trampdan deyilənlərə sübut istəyib. Halbuki, qəzetin yazdığına görə, Tramp dəfələrlə kəşfiyyatın bu əlaqələrlə bağlı xəbərini şübhə altına qoyaraq özünün seçilməsində Moskvanın hər hansı təsirini inkar edib.
Tillersonun informasiyasına görə, sözügedən diskussiyanın ardından Tramp Suriya müzakirələrinə keçməyi təklif edib.
Xatırladaq ki, iki ölkə lideri arasında görüş Hamburqda G20 sammiti çərçivəsində baş tutub. Öncədən yarım saat ərzində keçirilməsi planlaşdırılan görüş iki saatdan çox çəkib. Tillersonun sözlərinə görə, görüşün gedişində bir neçə dəfə Melanya Trampdan otağa daxil olmasını və “ərini götürüb aparmağa cədt etməsini” xahiş ediblər, lakin o buna nail ola bilməyib.
Görüşdə danışılanlar barədə isə Rusiya XİN rəhbəri açıqlama verib. O deyib ki, Tramp Putindən seçkilərə müdaxilə etmədikləri barədə aydın fikir eşidib və bunu qəbul edib. Eyni sözləri sonradan Rusiya prezidenti də təkrarlayıb, lakin Tramp hələlik bu barədə açıqlama verməyib. Yalnız onu deməklə kifayətlənib ki, görüş “son dərəcə əla” keçib.
Xatırladaq ki, Amerikada keçirilən və Donald Trampın seçilməsilə başa çatan seçkilərə Rusiyanın müdaxiləsilə bağlı kəşfiyyat xəbərləri kampaniyanın dərhal ardından gündəmə gəlmişdi. Lakin istər Rusiya tərəfi, istərsə də Tramp bu xəbəri qəti şəkildə rədd edirdi.