ABŞ administrasiyası Suriya ilə bağlı yeni strategiya hazırlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu varədə “The Daily Bеаst” özünün mənbələrinə istinadən xəbər yayıb. Xəbərdə deyilir ki, prezident Donald Tramp və dövlət katibi Reks Tillerson həmin straregiyanı “G-20” sammitində təqdim etməyi planlaşdırır.
Nəşrin xəbərinə görə, yeni strategiyanın bəzi detalları da bəlli olub. Belə ki, Tramp komandası Əsədin devrilməsində israr etməyəcək, eyni zamanda rus hərbi polisinin nəzarət edəcəyi təhlükəsizlik zonasının yaradılmasına da razılıq verməyə hazırdır. Beləliklə də ABŞ hökuməti İŞİD-in darmadağın edilməsindən sonra Suriyada stabilliyin bərpa olunacağına ümid edir.
Lakin bu halda amerikanlar kürdlərə verdikləri dəstəkdən geri çəkilmək fikrində deyil. Məmurların sözlərinə görə, ABŞ Suriya ordusunun nəzarətində olan ərazilərə müdaxilə etməyəcək, lakin dəstək verdiyi müxalifətin olduğu ərazilərə nəzarət etməkdə davam edəcək. Bu barədə nəşrə danışan şəxs onu da deyib ki, bu məsələlərdə Rusiya ilə koordinasiya önəmlidir, çünki hərbsizləşdirilmiş ərazilərin qorunması ABŞ-ın planlarına daxil deyil.
Xatırladaq ki, daha öncə ABŞ dövlət katibi ərazidə stabilliyin bərpa olunması üçün Rusiya ilə birgə mexanizmlərin tətbiqi imkanlarını götür-qoy etməyə hazır olduğunu bildirmişdi. Bu sıraya uçuşa qadağan zonalarının elan olunması, quruda hərbi əməliyyatların dayandırılmasına müşahidəçilərin tətbiqi. Həmçinin koordinativ şəkildə humanitar yüklərin əraziyə çatdırılması daxil idi. Daha sonra Rusiya XİN başçısı Sergey Lavrov ABŞ-ın uçuşa qadağan zonası ilə bağlı ideyasını təsdiqləmişdi.