Venesuela prezidenti Nikolas Maduronun tərəfdarları müxaliflərin nəzarətində olan parlamentə hücum edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə BBC News şahidlərə istinadən məlumat yayıb. Xəbərə görə, parlament binasında iclas gedərkən 20-30 nəfər binanı əhatə edən parka soxulub və hakimiyyət tərəfdarları ilə müxalifətçi deputatlar arasında əlbəyaxa döyüş baş verib. Bildirilir ki, Maduro tərəfdarları dəyənəklərdən və əldədüzəlmə partlayıcılardan istifadə edib. Bir neçə nəfər hüquq müdafiəçisi və jurnalistin yaralandığı xəbər verilir. “Nacional” qəzeti isə deputat Ameriko de Qrasiyanın başından ciddi xəsarət aldığını yazır.
Xatırladaq ki, Venesuelada ağır iqtisadi böhran üzündən etirazlar bu ilin aprel ayından başlanıb və xəbərə görə, artıq vaxtaşırı baş verən dövlət-əhali toqquşmalarında 91 nəfər həyatını itirib.