Ərəb “dördlüyü” ölkələri Qətərin qarşısında qoyulan tələbləri geri çüvirdiyini təsdiqləyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin XİN rəhbərlərinin Qahirədə keçirilən iclasının sonunda qəbul edilən bəyanatda deyilir və Dohanın bu mövqeyindən təəssüf ifadə olunur. Sənəddə qeyd olunur ki, Qətərin etirazı onun məsələnin ciddiliyini anlamamasından və ona barmaqarası yanaşmasından irəli gəlir.
Xəbərdə bildirildiyinə görə, sənədi Misirin XİN rəhbəri Samih Şükrü oxuyub. Bunun ardınca Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr deyib ki, ölkəsi BƏƏ, Bəhreyn və Misirlə birlikdə Qətəri boykot etməkdə davam edəcək, .lavə tədbirlər isə müzakirələrdən sonra görüləcək.
Xatırladaq ki, iyunun 5-də bir sıra ərəb dövlətləri terroru maliyyələşdirməsini əsas gətirərək Qətərlə diplomatik əlaqələrinə son verib. Küveyt isə konfliktin həllində vasitəçi olmaq təşəbbüsü ilə çıxış edib. Bu günlərdə isə sözügedən ölkələr Qətər qarşısında 13 bəndlik tələblər qoyaraq, qərar qəbul etməsi üçün ona 48 saat vaxt vermişdi. Bu tələblər sırasında İranla diplomatik və hərbi əlaqələrin məhdudlaşdırılması, Türk hərbi bazasının bağlanması, terror təşkilatlarının maliyyələşdirilməsinə son verilməsi, Ərəb ölkələrinin daxili işlərinə müdaxilə və müxalifətin dəstəklənməsinə son qoyulması, həmçinin “Əl-Cəzirə”nin bütün sputnik şəbəkəsinin qapadılması yer alırdı.
Öz növbəsində Qətər dövləti barəsində səsləndirilən ittihamları rədd edir və qoyulan şərtlərə boyun əyməli olmadığını bəyan edir.