Türkiyə Almaniyaya nota verib. Baki-xeber.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, buna səbəb iyulun 3-də "Siyasi Gözəllik Mərkəzi" adlı təşkilatın Almaniya hökumətinin binası qarşısında təxribatçı hərəkəti olub.
Belə ki, təşkilat Berlinin mərkəzində podiuma çıxarılan bir avtomobilin önünə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman bin Abdülazizin şəkilləri olan plakat asıb. Şəkillərin üzərinə isə "Bu avtomobili qazanmaq istəyirsən? O zaman diktaturanı öldür" sözləri yazılıb. Ətrafda olan Almaniya polisi isə onların bu hərəkətinə heç bir reaksiya verməyib, sadəcə izləməklə kifayətlənib.
Bu hadisədən sonra Türkiyənin Berlindəki səfirliyi təcili Almaniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Notada qeyd edilib ki, Almaniya Nazirlər Kabinetinin binası qarşısında və təhlükəsizlik qüvvələrinin mühafizəsində bu cür zorakılığı təbliğ edən bir aksiyanın keçirilməsinə icazə verilməsi anlaşılan və qəbul edilən deyil, barışa xidmət etmir.
Qeyd edək ki, "Siyasi Gözəllik Mərkəzi"ndə çalışan Filip Rux əvvəllər də bu cür provokativ hərəkət edib. Mərkəz tərəfindən, bir müddət əvvəl Berlində qəfəsə qoyulan iki pələngə veriləcək yemin sığınacaq axtaran şəxslər olacağı bildirilmişdi. Onun bu hərəkəti Almaniyanın özündə də etirazla qarşılanmışdı.