Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreyn Qətərə təqdim etdikləri tələblər siyahısını qəbul edilməsi üçün ölkəyə verdikləri müddəti 48 saat uzadıblar. Tələblər qəbul edilməsə bu ölkəyə əlavə sanksiyalar tətbiq ediləcək.
Bundan əvvəl Qətərə verilən 13 tələbin yerinə yetirməsinə bazar gününə qədər vaxt verilmişdi.
Artıq Qətərin xarici işlər naziri Şeyx Məhəmməd ibn Əbdurrəhman əs-Sani Qətər və digər Körfəz ölkələri arasında vasitəçilik edən Küveytə səfər edib və onun Qətər əmirinin tələblərə cavab olan məktubu bu gün Küveyt əmirinə verəcəyi gözlənir.
Doha rəhbərliyi, 13 maddəlik siyahının qəbul edilməyəcəyini əvvəllər dəfələrlə bəyan ediblər. Qətər Türkiyə hərbi bazasının bağlanılması və “Al Jazeera” televiziyasının verilişlərinin kəsilməsinin də yer aldığı tələbləri "beynəlxalq qanun və birliyə" təhqir adlandırıb.
Qətər müdafiə naziri Xalid əl-Atiyyə, ölkəsinin lazım olarsa özünü müdafiə etməyə hazır olduğunu bəyan edib.
"Hərbi müdaxilə mərhələsinə gəlməyəcəyimizə ümid edirik, ancaq biz hər şeyə, ölkəmizi müdafiə etməyə hazırıq" - Atiyyə deyib.
Nazir Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin tələblərinin ölkənin suverenliyinə hücum mənası daşıdığını deyib. Qonşu ölkələrin Qətərdəki mövcud rejimi dəyişdirməyə çalışması xəbərlərinə gəlincə, Atiyyə onların hədəfinin də məhz bu olduğuna işarə edib: "Mən fərziyyələr üzərindən danışmıram. 1996-cı ildə zorakılıq, 2014-cü ildə çevriliş cəhdləri oldu. 2017-ci ildə də məhz çevriliş cəhdindən söhbət gedir".
Qeyd edək ki, dördlüyün Qətərə qarşı tətbiq etdiyi sanksiyalar 2,7 milyonluq əhalisinin yaşamı üçün idxaldan asılı olan neft və qaz ölkəsində gərginliyə səbəb olub. Lakin nəticədə, Türkiyə və İran, Qətəri ərzaq və idxalı məhdudlaşdırılmış digər mallarla təmin ediblər.
Dördlük Qətəri regiondaki rəqibləri kimi gördükləri Müsəlman Qardaşlarını dəstəkləməkdə təqsirləndiriblər. Bu quruma “Al Jazeera” kanalında səs verilməsi kral ailələrinin rəhbərlik etdiyi bəzi Körfəz ölkələrində təhlükəli siyasi qüvvə kimi qiymətləndirilir.
Qətər tələbləri qəbul etmədiyi təqdirdə, dördlük qonşusunu əlavə sanksiyalarla hədələyib.
Qətərə tələblər siyahısını iyunun 23-ü təqdim edən Körfəz dördlüyünün xarici işlər nazirləri çərşənbə günü vəziyyəti müzakirə etmək üçün görüşəcəklər.
Hazırkı vəziyyət onilliklər ərzində Körfəz ölkələri arasında yaranan ən gərgin siyasi böhrandır.