Rusiya Qərb ölkələrinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini 2018-ci ilin sonuna qədər uzadıb. Baki-xeber.com xəbər verir ki, bu barədə prezident Vladimir Putin qərar verib.
İki gün əvvəl Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay uzatmışdı.
Kremlin yaydığı məlumata görə, Avropa Birliyinə cavab sanksiyaları Rusiyanın milli maraqlarının qoruması məqsədilə uzadılıb.
Bu arada, Rusiya Avropa Şurasına 2017-ci il üçün üzvlük haqqı ödənişini də dayandırıb. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla telefon danışığı zamanı deyib.
Lavrov, Moskvanın Rusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səlahiyyətləri tam bərpa olunana qədər Avropa Şurasına 2017-ci il üçün üzvlük haqqı ödənişini dayandırmaq barədə qərar qəbul etdiyini deyib.
Rusiya XİN-dən isə, Rusiyanın heç nəyə baxmayaraq, Avropa Şurasında tam qaydada işini, o cümlədən iştirak etdiyi Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirməyə sadiq olduğu bildirilib.
Məlumatda Moskvanın AŞPA-da dərinləşən böhrandan narahatlıq hissi duyduğu qeyd olunub: "Parlament Assambleyasındakı vəziyyət getdikcə pisləşir. Orada Avropa Şurası çərçivəsində Rusiya ilə əməkdaşlığın normallaşmasına səsləyən parlamentarilərə qarşı təqib kampaniyası gedir".
Qeyd edək ki, Krımın anneksiyasından sonra Rusiya 2014-cü ilin aprel ayında AŞPA-da səs hüququndan məhrum edilib və bütün idarəetmə orqanlarından çıxarılıb.