Qətərlə diplomatik əlaqələrini kəsən 4 ölkə Bəhreyndə hərbi baza qurmağı planlaşdırır.
Baki-xeber.com xəbər verir ki, bununla bağlı Misirin “El-Ehram el-Arabi” jurnalı məlumat yayıb. Iddialara görə, Qətər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin tələblərini 72 saat ərzində yerinə yetirməyəcəyi halda bu ölkəyə qarşı daha sərt qərarlar veriləcək.
Jurnal ərəb qaynaqlarına istinadən yazır ki, bir sıra tədbirlərlə yanaşı iqtisadi blokada genişləndiriləcək, Qətərin Körfəz Əməkdaşlıq Şurasına üzvlüyü və anti-Qətər koalisiyasında yer alan ölkələrdəki hesabları dondurulacaq. Bu tədbirlər arasında, 4 ölkənin Bəhreyndə hərbi baza qurmaq planının olduğu da iddia edilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Yəmən, Misir və Bəhreyn iyunun 5-də Qətərlə bütün diplomatik əlaqələrini kəsdiklərini bildirmişdilər. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn hava sahələrini Qətərə bağlamaqla yanaşı, qətərli diplomatlardan 48 saat ərzində ölkələrini tərk etməyi tələb etmişdi. Qətərə qarşı diplomatik blokadaya daha sonra bəzi başqa ölkələr də qoşulmuşdu.
Bir neçə gün əvvəl isə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin 13 maddədən ibarət tələblərini Küveyt vasitəsilə Doha rəhbərliyinə çatdırıb və bu ölkəyə 10 gün vaxt verilib.