Suriyada dünya super güclərinin qarşı-qarşıya gəlmək ehtimalı günü gündən artır. Dəməşq rejimini dəstəkləyən Rusiya Vaşinqtonun Əsəd rejiminə qarşı hər hansı bir addımını cavabsız buraxmayacaqlarını bu dəfə ölkənin baş diplomatının dili ilə açıq bəyan edib.
Ağ Evin “Dəməşq rejimi yeni bir kimyəvi hücuma hazırlaşır” bəyanatının ardından, “CNN International” Pentaqondakı mənbələrə istinadən, ABŞ-ın Aralıq dənizindəki döyüş gəmiləri və təyyarələrini hücum mövqeyinə keçirdiyinə dair xəbər yayıb. CNN, 7 apreldə döyüş gəmilərindən “Tomahawk” raketlərilə vurulan Şayrat hava bazasının da hazırda Pentaqonun ciddi müşahidəsi altında olduğunu bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə, ABŞ-ın rejimi növbəti dəfə hədəf ala biləcəyinə işarə edərək, bunu cavabsız qoymayacaqlarını bəyan edib. Vaşinqtona Suriyanı vurmaması üçün xəbərdarlıq edən Lavrov, əks halda buna sərt reaksiya verəcəklərini deyib. Rusiya xarici işlər nazirinə görə, Pentaqon Şayrat hava bazası ilə əlaqədar xəbərlərlə təxribata başlamaq istəyir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə, yeni kəşfiyyat məlumatları əldə etdiklərini, bu istiqamətdə bir ssenari və təxribat hazırlandığını deyib.
Qeyd edək ki, Vaşinqton və Moskva, sonuncu dəfə Suriyanın cənubundakı El Tanfda ABŞ-ın Əsəd tərəfdarlarını vurması ilə gərginlik yaşamışdı. ABŞ-ın Şayrat hava bazasını bombalamasından sonra isə tərəflər arasında vəziyyət daha da gərginləşmişdi. Hətta həmin vaxt Rusiya baş naziri Dimitri Medvedyev, "ABŞ-la qarşıdurmaya çox az məsafə qaldı" demişdi.