Avropa Ittifaqı Şurası Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyaların müddətini daha 6 ay artırmaq barədə qərar qəbul edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə qurumun verdiyi açıqlamada deyilir. Beləliklə anti-Rusiya iqtisadi sanksiyaları 2018-ci il yanvarın 31-nə kimi qüvvədə qalır. Sənəd Fransa prezidenti Emmanuil Makron və Almaniya kansleri Angela Merkelin hesabatlarının ardından qəbul edilib.
Xəbərdə o da bildirilir ki, əslində bu addım texniki xarakter daşıyır. Belə ki, sanksiyaların müddətinin uzadılması barədə siyasi qərar Avroittifaqın 22 iyun sammitində qəbul olunub. Sonuncu dəfə isə anti-Rusiya iqtisadi sanksiyalarının müddəti bu il yanvrın 31-də uzadılmışdı.
Qeyd edək ki, Avroittifaqın sanksiya siyasəti 3 mühüm istiqaməti hədəfləyir: Rusiya vətəndaşları üçün viza məhdudiyyətləri, RF-nin neft, müdafiə və maliyyə sektoruna aid bir sıra dövlət şirkətlərinə iqtisadi sanksiyaların tətbiqi və Krıma münasibətdə məhdudlaşdırıcı tədbirlər.