Varşava Avropanın bir neçə ölkəsini vurmuş haker hücumlarının Polşada nə dərəcədə yayıldığını araşdırır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Polşa hökumətinin mətbuat katibi Rafal Boxenek açıqlama yayıb. O deyib ki, fərdi qaydada bir neçə şirkətdən siqnallar daxil olub və hazırda məsələ araşdırılır.
“Əminliklə deyə bilərəm ki, bir neçə şirkətin kompyuter sisteminə haker hücumu olub. Elektron poçtalarda şübhəli məktublar peyda olub və virusun yayılması barədə faktlar var” – deyə Exatel şirkətinin kibertəhlükəsizlik xidmətinin rəhbəri Yakub Sıta bildirib. Onun sözlərinə görə, “petya" virusu Polşa ərazisində günün ikinci yarısında yayılmağa başladığından çox ziyan vura bilməyib, çünki “bir çoxları artıq işini bitirərək kompyuterini söndürüb”.
Qeyd edək ki, Polşanın daxili təhlükəsizlik idarəsi hələlik durumun monitorinqini aparır, yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 13:00) hökumətin böhran qrupunun təcili iclası olacaq.