ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Mayk Pompeonun Suriya kəşfiyyatının başında dayanan Ali Məmlüklə gizli görüşü olub. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə “New York Times” qəzeti çıxış edib.
İddiaya görə, CIA direktoru, 2002-ci ildə Suriyada itkin düşən amerikalı jurnalist Austin Tisenin azad edilməsi üçün Suriya kəşfiyyatının başçısı Ali Məmlüklə gizli şəkildə görüşüb. Məlumata görə, jurnalist planlaşdırıldığı kimi ölkəsinə dönsəydi, ABŞ prezidenti Donald Tramp, Suriya prezidenti Bəşər Əsədə zəng edəcəkdi.
Qəzet adını açıqlamadığı ABŞ rəsmilərindən birinə istinadən yazır ki, Pompeo və ABŞ-ın 2011-ci ildə sanksiya tətbiq etdiyi suriyalı rəsmilərindən biri olan Məmlük, Tisenin sərbəst buraxılması üçün fevral ayında telefonla danışıblar.
Bu görüşün, Suriya və ABŞ hökumətləri arasında son illərdə reallaşan ən yüksək səviyyəli təmas olduğu deyilir.
Gizli görüşdə razılaşdırılan plana görə, Tise Suriyanın miqrasiya qanunlarını pozduğu üçün məhkəmə qarşısına çıxarılacaq, sonra da Əsəd tərəfindən əfv ediləcəkdi. O, ABŞ-a qayıtdıqdan sonra isə Tramp Əsədlə telefon əlaqəsi yaradacaqdı.
Lakin plan, Suriya hökumətinin aprel ayında bir qəsəbədə kimyəvi hücum təşkil etdiyinə dair iddialardan sonra ABŞ-ın Suriya ordusunun bir hərbi hava bazasını bombalamasına görə pozulub.
Qeyd edək ki, ABŞ jurnalistin Suriya hökuməti tərəfindən girov götürüldüyünü iddia edir. Suriya hökuməti isə bu iddiaları rədd edir.