Onlarla Rusiya və Ukrayna şirkəti virus hücumuna məruz qalıb. Baki-xeber.com xəbər verir ki, onlar arasında Rusiyanın ən böyük neft şirkəti “Rosneft” və “Başneft” şirkətləri, Ukrayna nazirlikləri və bankları da var.
“Rosneft”dən şirkət serverlərinin son dərəcə sıx bir kiberhücum altında olduğu və bunun çox ciddi nəticələrə səbəb ola biləcəyi bildirilib.
Ukraynada isə hökumətə aid kompüter şəbəkəsi də daxil olmaqla, ölkədəki bir çox bank və Kiyevdəki Borispol Beynəlxalq hava limanı kiberhücumlara məruz qalıb.
Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşı Anton Geraşçenko, hücumlar nəticəsində hökumətin kompüter şəbəkəsinin çökdüyünü bildirib. Borispol Beynəlxalq hava limanında da kiberhücumlar nəticəsində həyata keçirilən bəzi uçuşlar gecikib.
Ukrayna Mərkəzi Bankı isə ölkədəki bankların bəzi əməliyyatları həyata keçirmək üçün texniki çətinliklər yaşadığını bəyan edib.
Kaspersky Lab internet şirkətində hesab edirlər ki, yeni hücumda "Petya" virusundan istifadə olunub. Məlumata görə bu proqram kompüter diskini şifrələyir və onun açılması üçün pul tələb edir.