ABŞ Suriyada növbəti kimyəvi hücuma potensial hazırlığın müəyyənləşdirildiyini bildirərək, Suriya hökumətinə xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, Ağ Ev hazırkı fəaliyyətin aprel ayında şübhəli kimyəvi hücumdan əvvəl keçirilən hazırlıqlara bənzədiyini bəyan edib.
ABŞ xəbərdarlığında deyilir ki, əgər belə bir hücum baş verərsə, bu prezident Bəşər Əsədə "baha başa gələ bilər".
Qeyd edək ki, aprel ayında İdlib əyalətində şübhəli qaz hücumu nəticəsində 80 nəfər həlak olmuşdu. Hücumun ardınca prezident Donald Trampın əmrilə Suriya bazasına raket zərbələri endirilmişdi.
Ağ Evin Suriya rejimini təhdid edən xəbərdarlığına Rusiya sərt reaksiya verib. Kremlin sözçüsü Dmitri Peskov Suriyanın qanuni hökumətinə qarşı təhdidlərin qəbul edilməz olduğunu deyib. O, Ağ Evin bu iddiasında nəyə əsaslandığını bilmədiklərini söyləyib.
Digər tərəfdən Peskov, bəzi terrorçu qrupların əlində kimyəvi silahların olmasına görə, Suriyada kimyəvi hücum təhlükəsinin yüksək olduğunu da qeyd edib.
ABŞ-ın son təhdidlərini dəyərləndirən “The New York Times” qəzeti isə bunu ABŞ-ın Əsəd rejiminə yeni hücum hazırlığı kimi dəyərləndirib.
Qəzet yazır ki, Ağ Evin Suriya hökumətinin yeni kimyəvi hücum hazırlığında olmasına dair açıqlama yaymasına ehtiyac duymasının səbəbi qeyri-müəyyəndir. Ehtimal edilir ki, bu bəyanat əslində Suriyaya qarşı yeni bir hücuma hazırlığın tərkib hissəsidir.
Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç də ABŞ-ın Suriya ordusuna qarşı yeni bir hücum hazırlığında olduğunu iddia edib.
"ABŞ, Suriya ordusuna qarşı yeni bir hücuma hazırlaşır, bu açıq görünür. Yeni bir alçaldıcı və görülməmiş bir təxribat hazırlanır" – Klintseviç bildirib.
Klintseviç, kimyəvi hücum bəhanəsilə ediləcək hücumun ardından, ABŞ-ın başqa bir silahlı qrupu da vura biləcəyini ifadə edib. O, ABŞ-ın bu addımının Suriyada olan Rusiya əsgərləri və digər hərbi mütəxəssislərin həyatı üçün təhlükə yaradacağını deyib.