İraq ordusunun Mosula hücumları son mərhələyə yaxınlaşır.
Baki-xeber.com-un xəbərinə görə, “Kommersant”a bu barədə illərdir İŞİD-in əlində saxladığı və “xilafətin paytaxtı” elan etdiyi Mosulun sakini deyib.
Xatırladaq ki, İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ildən terrorçuların əlindədir. Şəhərin azad olunması üçün əməliyyatlara isə ötən ilin oktyabrından başlanıb. Bu əməliyyatda hökumət ordusuna şiə könüllülər və kürd hərbi birləşmələri dəstək verir. Hazırda verilən məlumata görə, şəhərdə qalaraq dirənişi davam etdirən terrorçuların sayı 200 nəfərdən çox deyil. Lakin ekspertlərin fikrincə, onlar arasında Səddam Hüseyn ordusunun keçmiş peşəkar zabitlərinin olması situasiyanı çətinləşdirir.
İraq hökumətinin açıqlamasına görə, hazırda şəhərin İŞİD-in nəzarətində olan hissəsində 100 minə yaxın dinc sakin var ki, onların bir çoxundan terrorçular canlı sipər kimi istifadə edir. Yerli sakinlərin verdiyi məlumatda isə deyilir ki, döyüşlərin getdiyi Mosulun qərb hissəsində terrorçular hökumət ordusuna tərəf qaçan hər kəsi qətlə yetirir. Bundan əlavə şəhərdə başlanan aclıq da insanlar arasında ölüm kabusu kimi dolaşır. İnsanlar artıq heyvan yemlərindən istifadə etməyə başlayıb.
Sakin İŞİD-çilərin daha bir əməlinə də diqqət çəkib. Onun sözlərinə görə, terrorçular düzənli olaraq insanların evlərini, maşınlarını və ən yaxşı halda avtomobil şinlərini yandıraraq şəhərin üzərindən tüstünün çəkilməməsinə çalışırlar. Bu isə havadan dəqiq zərbələrin endirilməsinə ciddi əngəl törədir.