Türkmənistanda Atamurat Niyazov adına 22-ci motoatıcı diviziyanın zabitləri “əsgərlər arasında qeyri-ənənəvi islamın təbliği”ndə günahlandırılaraq həbs olunub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli “Xronika Turkmenistana” nəşri özünün hərbi sahədəki mənbələrinə istinadən xəbər yayıb. Xəbərə görə, aprelin axırlarında ölkənin kəşfiyyat orqanları Sərdar (keçmiş Qızıl Arvat) şəhərinin hərbi hissələrində araşdırmalara başlayıb. Buna səbəbsə hərbi hissələrdən birində gənc əsgərlə ”köhnələrlə” dini zəmində baş verən qarşıdurma olub. Belə ki, gən əsgərin biləyinə bağladığı özünəməxsus talisman - rəngbərəng saplar olub. Stajlı əsgərlər bunu ona irad tutaraq islamda belə hərəkətlərin qadağan olunduğunu bildiriblər və ona rota komandirinin hər axşam “əsl islamdan” danışdığı toplantılara getməyi tövsiyə ediblər.
Nəşrin xəbərinə görə, araşdırmalar nəticəsində zabitlərdən tutmuşsıravi əsgərlərə qədər 70 nəfər gözaltına alınıb. Onlar barəsində “Konstitusiya quruluşuna təcavüz”, “Vəzifə səlahiyyətlərindən sui-istifadə” də daxil olmaqla bir sıra maddələr üzrə cinayət işi açılıb. Eyni zamanda sıravi tərkibdən bir çox əsgər xidmət müddətini davam etdirmək üçün Türkmənistan-Əfqanıstan sərhədinə göndərilib. Zabitlər arasında isə bir neçə nəfər fəxri ad və titullardan məhrum edilib, 12 zabit isə 10 ildən 15 ilədək həbs cəzası alıb. Digər xəbərdə bu həbs müddətlərinin 18-23 il arası olduğu xəbər verilir.