Bir müddət əvvəl Suriyada gərginliyi azaltmaq məqsədilə Türkiyə, Rusiya və İranın razılığa gəldiyi atəşkəs bölgələrinin yaradılmasının hazırda müzakirə edilən detallarının bəziləri məlum olub.
Baki-xeber.com xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın sözügedən bölgələrdə bir neçə ölkənin hərbi qüvvələrinin yerləşdiriləcəyini deyib.
Türkiyə və Rusiya əsgərlərinin İdlibdə yerləşdirilə biləcəyini qeyd edən Kalın, bununla əlaqədar Türkiyə, Rusiya və İran arasında mexanizm qurulduğunu və işçi qrupunun yaradıldığını deyib. Onun sözlərinə görə, indi işçi qrup razılaşmanın texniki tərəflərini müzakirə edir. Hazırda Əsəd rejimi ilə müxaliflər arasında yerləşdiriləcək qüvvələrin kimlərdən ibarət olacağı, kimin hansı bölgəyə girəcəyi, neçə əsgərin harada olacağı müzakirə edilir. "İdlibdə hazırda bir milyondan çox əhali var. Bura nə qədər hərbi qüvvə göndəriləcəyi müzakirə olunur. İyulda Astana müzakirələrinə qədər bunun konkretləşəcəyini gözləyirik" - deyə İ.Kalın bildirib.
Türkiyə prezidentinin sözçüsü, İdlib bölgəsində əsasən Türkiyə və Rusiya, Dəməşq ətrafında Rusiya-İran, cənubda Deraa bölgəsində İordaniya və Amerikanın yer alacağı bir mexanizm üzərində iş getdiyini deyib.
İ.Kalının sözlərinə görə, Rusiya bununla bağlı bir təklif də irəli sürüb; Qırğızıstan və Qazaxıstan da Suriyaya müəyyən sayda hərbi qüvvə göndərə bilər. Yəni bu planda onlar da yer ala bilər.
O, bölgədə yerləşdiriləcək xarici hərbi qüvvələrin vasitəsilə qarşıdurma ehtimalını minimuma endirmək imkanının olacağını söyləyib.
Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədri Vladimir Şamanov da Qazaxıstan və Qırğızıstana Suriyaya hərbi qüvvə göndərməyi təklif etdiklərini deyib. O, qeyd edib ki, Moskva bununla bağlı Astana və Bişkeklə danışıqlar aparır.
Rusiya xarici işlər nazirinin müavini Mixail Bogdanov isə, Rusiya, Türkiyə və İranın atəşkəs bölgələrinin parametrlərilə bağlı prinsipcə razılaşdığını bildirib. Yekun qərar, Astanada keçiriləcək Suriya danışıqlarında veriləcək.
Bu arada, “İzvestiya” qəzeti Suriyada atəşkəs bölgələrinin yaradılması ilə bağlı razılaşdırılmış Memorandumun Rusiya ilə birlikdə qarant olan Türkiyə və İran arasında gərginlik olduğunu yazır.
Qəzet bir rus diplomata istinadən xəbər verir ki, Ankara təhlükəsizlik bölgələrinə türk əsgərlərini yerləşdirmək istəyir, Tehran isə Ankaranın bu istəyinə qarşı çıxır.
"Əvvəllər Tehran bu bölgələrə əsgər göndərməyi planlaşdırmırdı. Ancaq Türkiyə niyyətini açıqlayandan sonra İranın mövqeyi tamamilə dəyişdi. 4-5 iyulda Astanada keçiriləcək görüşlərdə bu mövzuda müzakirə aparılacaq" – deyə rus diplomat bildirib.
Ancaq, Astana görüşlərində bununla bağlı bir nəticə əldə edilməyəcəyi ehtimalı da var.
Hesab edilir ki, Ankara və Tehran arasındakı ixtilaf, atəşkəs bölgələrinin parametrləri üzərində razılaşmanı da uzada bilər.
TAHİR