Qətər əmiri şeyx Tamim ben Hamad əl-Tani Rusiya prezidenti Vladimir Putinə mesaj göndərib.
Baki-xeber.com-un xəbərinə görə, Kremlin sözçüsü Dmitri Peskov xəbəri təsdiqləyib, lakin bildirib ki, mesajın mahiyyətindən xəbərsizdir. “Diplomatik kanallarla göndərilən mesaj bizə çatıb, lakin hələlik onun məzmunu ilə tanış olmamışıq”- Peskov deyib. Qətərdəki yüksək çinli diplomatik mənbə telefonla TASS informasiya agentliyinə bildirib ki, Əmirliyin başçısı Rusiya liderinə mesajını Moskvadakı səfirliyi vasitəsilə çatdırıb. Diplomatik qaydalara uyğun olaraq daha artıq açıqlama verə bilməyəcəyini deyən mənbə yalnız onu qeyd edib ki, göndərilən mesajda Qətərin Ərəb ölkələrilə münasibətlərindən bəhs olunur.
Xatırladaq ki, iyunun 5-də Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviya, Maldiv respublikası və Mavritaniya Qətərlə diplomatik əlaqələrini kəsdiklərini bəyan edib. Bunun ardınca Komor adaları, İordaniya və Cibuti Qətərlə diplomatik əlaqələrini minimuma endirib. Sözügedən ölkələr bu qərarlarını Qətərin terrorizmə dəstək verməsi ilə izah ediblər.
Doha ünvanına deyilənlərlə razılaşmır və bunu cəfəngiyat adlandırıb.