İyunun 21-nə keçən gecə Brüsselin mərkəzindəki dəmiryol vağzalında terrora cəhd olub.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, hələlik şəxsiyyəti müəyyən olunmayan kişi vağzalın kassası önündə üzərindəki partlayıcı qurğunu işə salmağa cəhd edib. Lakin nədənsə, şahidlərin bildirdiyi kimi, partlayış güclü alınmayıb. Şahidlər onu da bildirib ki, partlayışı törətməzdən öncə terrorçu radikal şüarlar səsləndirib və sonda “Allahu Əkbər” deyərək partlayıcını işə salıb.
Sonradan partlayış yanğına keçib. Kassanın yaxınlığındakı hərbi patrul terrorçuya atəş açıb. RTBFkanalı xəbər verib ki, əslində patrul həmin şəxsdən vağzal binasına daxil olduğu andan şübhələnib, lakin onu zərərsizləşdirmək qərarına gəldiyi anda terrorçu “düyməyə basıb”. Ağır yaralanan terrorçu dərhal xəstəxanaya qaldırılsa da, həkimlər onu xilas edə bilməyib. Ölkə prokurorluğunun nümayəndəsi Erik van der Sipta bildirib ki, “baş verən insident terakt olaraq qəbul edilib”.