Qonşuluğundakı ərəb ölkələri tərəfindən diplomatik blokadaya alınan və ilk günlərdə qarşılıq verməmək yolu seçən Qətər bu dəfə hücum taktikasına keçir. Baki-xeber.com xəbər verir ki, bir gün əvvəl ölkənin blokadası dayandırılmayana bütün danışıqlardan imtina edən rəsmi Doha bu dəfə Səudiyyə Ərəbistanı liderliyində onları təcrid edən ölkələrə qarşı əks həmlə ilə gündəmə gəlib.
“Sputnik” diplomatik mənbələrə istinadən xəbər verir ki, rəsmi Doha ölkədəki Yəmən səfirliyinin diplomatlarına ölkədən ayrılmaları üçün 48 saat vaxt verib. "Qətər rəhbərliyi, Yəmən diplomatlarına iki gün ərzində ölkəni tərk etməklə bağlı xəbərdarlıq edib" – deyə mənbə bildirib.
Bu qərar Qətərin onlarla diplomatik əlaqələri kəsən qonşu ölkələrə qarşı ilk həmləsi kimi də dəyərləndirilir.
Hələlik Qətər və Yəməndən bununla bağlı heç bir rəsmi açıqlama verilməyib.
Bu arada, diplomatik böhranın ilk günlərində ABŞ prezidenti Donald Tramp böhranın birbaşa onun razılığı ilə başladıldığına işarə etmişdi. Ancaq ABŞ Dövlət Departamentindən gələn son açıqlama Vaşınqtonun Qətərlə bağlı mövqeyini dəyişdiyini deməyə əsas verir.
ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert gündəlik mətbuat konfransında Qətərə qarşı blokadanın 5 iyunda başlamasına baxmayaraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin, iddialarının detallarını hələ ictimaiyyətə açıqlamamasının şübhəli olduğunu deyib: "Blokadanın tətbiqinə iki həftə əvvəl başladılar. Körfəz ölkələrinin Qətər haqqındakı iddialarının detallarını hələ ictimaiyyətə açıqlamamasından təəccüblənirik".
O, ABŞ-ın bu vəziyyətdən narahat olduğunu bildirib. "Detallar açıqlanmır, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin hərəkətləri qarşısında şübhələr günü–gündən artır...
Bu mərhələdə sadə bir sualla qarşı-qarşıyayıq: Atılan addımlar həqiqətən Qətərin terrorizmi dəstəklədiyi barədə iddialarla bağlıdır, yoxsa Körfəz ölkələri arasında uzun müddətdir var olan problemlərləmi əlaqədar idi?" - deyə ABŞ rəsmisi bildirib.