Ötən gecə Türkiyə vaxtı ilə saat 02:20-də Londonun şimalındakı “Finsbury Park” məscidindən çıxan müsəlman əhali bir minibusun hücumuna məruz qalıb.
Baki-xeber.com-un “yenişafak”a istinadən xəbərinə görə, bu barədə məscidin imamı Muhammed Kozba açıqlama verib. Ölü və yaralı sayı üçün hər hansı rəqəm səsləndirə bilməyəcəyini deyən Kozba olayın ağdərili bir ingilis tərəfindən törədildiyini bildirib.
Olaya şahidlik eden Abdülrahman Aidroos isə hadisəni təfsilatı ilə danışıb. Onun sözlərinə görə, camaat məsciddən çıxarkən bir yaşlı adamın halı pisləşib və yardım üçün onun ətrafına toplaşıblar. Bu zaman bir minibus onlara doğru gəlib və insanları əzib. Sonra sürücü maşından düşərək “Bütün müsəlmanları öldürəcəyəm” deyə bağırıb. Ətrafdakı insanlar onu yerə yıxaraq zərərsizləşdirməyi bacarıb və sonradan polisə təslim edib.
Hələlik olayda 1 nəfərin həlak olduğu, 10 nəfərin yaralandığı xəbər verilir.