ABŞ-ın “dünyanın ən bahalı təyyarə gəmisi” kimi təqdim edilən yeni “USS Gerald R. Forf” təyyarə gəmisinin döyüş qabiliyyətinin olmadığı iddia edilir.
Baki-xeber.com xəbər verir ki, gəminin bir müddət əvvəl böyük təntənə ilə təqdim edildiyini və ABŞ prezidenti Donald Tramp tərəfindən təqdir edildiyini xatırladan “Bloomberg” ABŞ Dəniz Hərbi Qüvvələrinə istinadən yazır ki, bundan 2 həftə sonra, gəminin əsas funksiyası olan döyüş təyyarələrinin eniş və qalxışı üçün uyğun olmadığı ortaya çıxıb.
Sənədlərə görə, gəmidə texniki problemlərin aradan qaldırılmasına ehtiyac yaranıb, bu isə təyyarənin enişini təmin edən dayandırma baryerinin xərcinin 301 milyondan 961 milyon dollara yüksəlməsi deməkdir.
Pentaqonun məlumatlarına görə, 13 milyard dollara başa olan “dünyanın ən bahalı” təyyarə gəmisi 2020-ci ildə tam hazır olacaq.
Qeyd edək ki, ötən ilin payızında, yüksək texnologiyalarla təchiz edilən “görünməz” destroyer “USS Zumwal” da suya endirildiyi vaxt zədələnmişdi. Araşdırmalar nəticəsində gəminin, ABŞ ordusu standartlarına görə, çox bahalı olduğu ortaya çıxmışdı. Xərci 4.4 milyard dollar olan gəmidəki “bənzərsiz” artilleriyanın tək atışının 800 min dollara başa gəldiyi bildirilir.