Bu günlərdə bir qrup arxeoloq Konştayn dağının ətəklərində - Nordhauzen şəhəri yaxınlığında əfsanəvi “Kəhrəba otağ”ın axtarışları məqsədilə qazıntılara başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli “Thuringer Allgemeine” nəşri xəbər yayıb. Nəşrin xəbərinə görə, Üçüncü Reyxin zamanında bu rayonda yeraltı raket istehsalı zavodu olub. Mittelverk adlanan bu zavodda Fau-1 və Fau-2 raketləri istehsal olunub. Zavodun işçilərini isə nasist hərbi düşərgəsinə düşmüş əsirlər təşkil edib.
“Neue Nordhauser Zeitung” qəzetinin yazdığına görə, bu ərazidə arxeoloji qazıntılar bu düşərgədən sağ çıxmış bir əsirin açıqlamasından sonra başlayıb. O deyib ki, 1945-ci ilin aprelində alman əsgərlərinin iri konteynerləri bu ərazidə basdırdığının şahidi olub. Arxeoloqlar həmin konteynerlərdə “Kəhrəba otağ”ın fraqmentlərinin ola biləcəyini düşünür.
Xatırladaq ki, “Kəhrəba otaq” XVIII əsrdə alman ustaları tərəfindən kral I Fridrix üçün yaradılıb, sonradan Rus çarı I Pyotra hədiyyə edilib. 1941-ci ildə Vermaxtın ordusu onu Sarskoye Selo sarayından oğurlayaraq Könisberqə aparıb. Bundan sonra kəhrəba pannolar Şərqi Prussiyanın mərkəzindəki Kral dairəsində Erix Koxun nəzarəti altına yerləşdirilib. 1945-ci ildə alman ordusu geri çəkilərkən pannolar izsiz-tozsuz yoxa çıxıb. Sonradan edam hökmü alan Erix Koxun məhz bu xəzinənin yerini bildirəcəyi vədilə ölüm hökmündən canını qurtardığı barədə versiyalar var. Lakin 1986-cı ildə türmədə ölən Kox bu sirri də özü ilə aparıb.
“Kəhrəba otağ”ın mümkün gizlədilmə yeri kimi Rusiyanın Kalininqrad vilayəti. Almaniya, Polşa və Çexiyanın adı çəkilir.