ABŞ administrasiyası məhkəmədə daha bir xoşagəlməz vəziyyətlə üzləşib.
Baki-xeber.com-un xəbərinə görə, San-Fransisko məhkəməsi prezident Trampın 7 müsəlman ölkəsindən gələn immiqrantlara yasaq qərarını bloklayıb. “Deutsche Welle” məsələ ilə bağlı yazır ki, “hətta prezident üçün də immiqrasiya bir aktyorun teatrı deyil”.
Beləliklə, San-Fransisko məhkəməsi də daha öncə Havay məhkəməsinin çıxardığı qərarı təsdiqləyib. May ayında isə Vircinaya ştatının apellyasiya məhkəməsi analoji addımı atıb. Lakin məsələ tam həllini Ali məhkəmənin qərarı ilə tapacaq. İyunun əvvəlində artıq ölkənin ədliyyə nazirliyi ali instansiya məhkəməsinə immiqrasiya qərarı ilə bağlı işin təzələnməsi yönündə müraciət edib.
Xatırladaq ki, Trampın 27 yanvarda imzaladığı sözügedən qərar 7 ərəb ölkəsinin vətəndaşlarına məhdudiyyəti nəzərdə tuturdu. Həmin ölkələr bunlardır: İran, İraq, Liviya, Suriya, Somali, Sudan və Yəmən. Eyni zamanda bu qərar yaşıl kart sahiblərinə və ikili vətəndaşlığı olan əcnəbilərə də şamil olunurdu. Lakin qərarın doğurduğu etirazlar sonradan bir qədər yumşalmalara gətirdi. Belə ki, ikili vətəndaşlığı olan əcnəbilərin pasportlarından biri “problemli ölkə” tərəfindən verilməyibsə, onlara məhdudiyyətlərin tətbiq olunmamasına qərar verildi.