ABŞ-da Maryland ştatı və Vaşinqton dairəsinin Baş prokurorları prezident Donald Trampa qarşı məhkəmə iddiası qaldırmaq niyyətindədirlər.
Prokurorlar prezidenti korrupsiya əleyhinə qanunvericiliyin pozulmasında ittiham edirlər. İddiaçıların qənaətinə görə, Trampın biznesinə xarici investisiyalar ölkə konstitusiyasına ziddir.
Prezident seçkilərində qələbədən sonra bu, Trampın öz biznesi üzərində mülkiyyət hüquqlarını saxlamaq barədə qərarına istinad edən ilk belə iddiadır. Eyni zamanda, dövlət məmurları tərəfindən də ilk dəfədir ki, belə bir iddia qaldırılır.
Yanvar ayında Tramp bildirmişdi ki, onun biznes aktivləri oğulları tərəfindən idarə olunacaq. Lakin Kolumbiya dairəsinin Baş prokuroru Karl Racine və Maryland baş prokuroru Brian Froş hesab edirlər ki, Tramp şəxsi biznesdən kənarlaşmaq vədini pozub. Belə ki, onun oğlu Erik Tramp bildirib ki, prezident şirkətin maliyyə vəziyyəti haqqında müntəzəm olaraq məlumat alır. Baş prokurorların sözlərinə görə, iddiaya çox güman ki, Ali Məhkəmədə baxılacaq.
Racine və Froş ABŞ Konstitusiyasının "mükafatlar haqqında müddəalar" kimi tanınan maddələrinə istinad ediblər. Həmin müddəalara görə, dövlət məmurlarına xarici hökumətlərdən hədiyyə və ya digər bonuslar almaq qadağandır.