Kiyev meri Vitaliy Kliçko barəsində korrupsiya ittihamı ilə cinayət işi açıldığı barədə xəbər yayılıb. APA-nın xəbərinə görə, bu barədə "dw.com" Milli Antikorrupsiya Bürosuna (MAB) istinadən məlumat verib.
Lakin MAB bu məlumatı nə təsdiq, nə də təkzib edib. V. Kliçko isə özünün "Facebook" səhifəsində qanun qarşısında təmiz olduğunu və aidiyyəti qurumlara bütün lazımı məlumatları verdiyini açıqlayıb: “Kiməsə mənim evlərim maraqlıdır? Demişəm artıq, onlar mənim qardaşımın şirkətinə məxsusdur. Bizim var-dövlətimizi necə qazandığımızı bütün dünya bilir. Bu səbəbdən qaranlıq otaqda qara pişik axtarmayın”.
Ukrayna mediasının məlumatına görə, MAB məşhur peşəkar boksçu, Kiyev meri V. Kliçkonu Almaniyanın Hamburq və ABŞ-ın Los-Ancles şəhərlərində ailəsi tərəfindən istifadə olunan əmlaka sahib olmaqda şübhəli bilir. V. Kliçkonun həmin əmlakı hər il məmurların təqdim etdikləri elektron bəyannamədə göstərmədiyi iddia edilir. Belə ki, 2016-cı il üçün təqdim etdiyi elektron bəyannamədə Kiyev meri 7 ədəd saat, 9 velosiped, beş min avro əməkhaqqı gəliri və banklardakı depozitlərdən gəlirlərini göstərib. Bundan başqa, bəyannamədə 22525 min avroluq gəlir royalti - yəni onun adına lisenziyalaşdırılmış məhsullardan istifadəyə görə ödənişlər kimi göstərilib. Əmlakın gizlədilməsi barədə məlumatlar öz təsdiqini tapsa, V. Kliçko 2 ilədək azadlıqdan məhrum ola bilər.