Kürd könüllü dəstələri Rakkada “İslam dövləti” terrorçu təşkilatının hərbi baza kimi istifadə etdiyi Herakl yüksəkliyini ələ keçirib.
Baki-xeber.com-un xəbərinə görə, nəticədə orta əsrlərin xəlifəsi Harun Ər-Rəşidin saray qalıqlarının olduğu bölgə də terrorçulardan təmizlənmiş olub. Üuiyyətlə isə, Herakl yüksəkliyi ənənəvi olaraq Rakkanın qərb qapısı hesab olunur.
Kürdlərin ARA News agentliyi eyni zamanda Rakkanın şərqindəki Əl-Maşlab rayonunun da İŞİD-dən azad olunduğunu xəbər verib. Beləliklə, terrorçuların bütün qorunma cəhdlərinə baxmayaraq, şəhərin İŞİD-dən təmizlənməsi üçün hər iki istiqamətdən hücum həyata keçirilir.
Xatırladaq ki, 2014-cü ildən Rakkanı tutan “İslam dövləti” terrorçu qruplaşması şəhəri özünün paytaxtı elan etmişdi. İki ay bundan öncə kürd könüllülərinin şəhərə intensiv hücumu isə onların Suriyanın şərqindəki Deyr-əz-Zor şəhərinə üz tutmasına səbəb olub.
Hazırda Əsəd ordusu da Rakkaya daxil olub. Şəhər ətrafındakı bir neçə yaşayış məntəqəsini azad edən ordu hazırda şəhərdən 80 km məsafədə dislokasiya olunub.