Yaxın Şərq və bütün dünyanın diqqət mərkəzində olan Qətər ətrafında gərginlik artır. Baki-xeber.com xəbər verir ki, ölkənin qonşu ərəb ölkələri tərəfindən təcrid olunmasına görə, təxminən 11 min 378 nəfər Qətəri tərk etməli olacaq.
Qətər Milli İnsan Haqqları Komissiyasının yaydığı məlumata görə, paytaxt Dohada 11 min 378 Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı, Körfəz ölkələrində də minlərlə qətərli yaşayır. Sərhədlərin təcrid və sərhədlərin bağlanmasından narahat olan beynəlxalq insan haqları təşkilatları, tərəflərin atdığı sərt addımlar nəticəsində minlərlə adamın səyahət, əmək, səhiyyə və mülkiyyət hüquqlarının pozula biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanı və Misirin rəhbərlik etdiyi qonşuları tərəfindən təcrid edilən Qətərə ilk yardım təyyarəsi də yola çıxır. İran yerli mediası Tehranın ərzaq daşıyan ilk yük təyyarəsini Qətərə göndərməyə hazırlandığı barədə xəbər yayıb.
Rəsmi Doha ərzaq ehtiyatını ödəmək üçün Türkiyə və İranla danışıqlar apadığını dünən açıqlamışdı. İki milyondan çox insanın yaşadığı 11 min kvadrat kilometrlik kiçik Bəsrə Körfəzi ölkəsində ərzaq və su ehtiyacı yaranıb.
Ekspertlərin fikrincə, indiki vəziyyətdə Qətərin İranla yaxınlaşması Səudiyyəni daha sərt addımlar atmağa təhrik edə bilər. Çünki böhranın yaranması səbəblərindən biri Qətərin İranla bağlı siyasətidir.
Qeyd edək ki, ABŞ-ın təhriki ilə Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Yəmən, Liviya, Maldiv adaları, Mavritaniya və Mauritius Qətərlə bütün diplomatik əlaqələrini kəsib. Bu ölkələrə, Seneqal da qoşulub. Sözügedən ölkələr, hava sahələrini Qətərə bağlayıb, ölkələrindəki Qətər vətəndaşlarını deportasiya etmək barədə qərarı verib.
İordaniya və Cibuti isə, Qətərlə diplomatik əlaqə səviyyəsini aşağı salıb. Afrika ölkəsi Çad isə bu gün Qətərdəki səfirini geri çağırıb.
Dohanı terror təşkilatlarına maliyyə dəstəyi verməkdə günahlandıran ABŞ prezidenti Donald Tramp, əvvəlki bəyanatından fərqli olaraq, bu dəfə böhranı həll etmək üçün vasitəçilik təklif edib. Qətər əmri Şeyx Tamim Bin Hamad Əl Tani ilə telefonla danışan Tramp, liderlərin Ağ Evdə görüşməsi də daxil bəzi təkliflər irəli sürüb.